Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Xankəndindəki etiraz mitinqi Paşinyanın sifarişi ilə həyata keçirilib

Tarix :
Xankəndindəki etiraz mitinqi Paşinyanın sifarişi ilə həyata keçirilib

Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 29-da hakim "Vətəndaş sazişi" partiyasının qurultayında deyib ki, Soçidə Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin 15-20 il uzadılmasına dair sənədi imzalamağa hazırdır: "Rusiya prezidentinə təklif edirəm ki, belə bir təkliflə çıxış etsin, lazım gəlsə, mən də edəcəm…".
Oktyabrın 30-da isə Azərbaycanın Rusiya sülhyaratma kontingentinin nəzarətində olan Qarabağ bölgəsindəki Xankəndi (keçmiş Stepanakert) şəhərində kütləvi aksiya keçirilib. Elə həmin gün orada tanınmayan qurumun parlamenti Rusiyadan "Qarabağ xalqı"nın təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməyi xahiş edib.
Bütün bunlar bu gün, oktyabrın 31-də Soçidə keçiriləcək Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşündən öncə baş verib. Bəs bu görüş ərəfəsində Azərbaycanda Ermənistan baş nazirinin açıqlamalarına, Xankəndində keçirilən aksiyaya və bütünlükdə Soçi görüşünə münasibət necədir?
Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Elman Nəsirov "Turan"a deyib ki, Soçi görüşü öncəsi Ermənistanın baş naziri onun nəticələrinə kölgə sala biləcək bəyanatlarla çıxış edib: "Onun tapşırığı altında Xankəndidə etiraz tədbirləri keçirilib".
Deputatın sözlərinə görə, bu ona dəlalət edir ki, Paşinyanın hələ ki sülh müqaviləsini imzalamaq niyyəti yoxdur: "Paşinyan Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ ərazisində qalma müddətinin 15-20 il uzadılmasından bəhs edir. Bir qədər öncə Paşinyan Avropa İttifaqının mülki missiyasını Ermənistan-Azərbaycan sərhədinə dəvət edib və onlar da Ermənistan ərazisində yerləşib. Missiya iki aya gəlib. İndi isə Paşinyan söyləyir ki, gəlin onların müddətini daimi edək".
O vurğulayıb ki, N.Paşinyan bir yandan sülhdən, bir yandan isə Rusiya sülhməramlılarının qalma müddətinin uzadılmasından danışır və Xankəndidə erməni əhalisinin bununla bağlı çağırışlar etməsini təşkil edir: "Bunlarla onu demək istəyirlər ki, guya, Azərbaycandan erməni əhalisinə təzyiq var, birgəyaşayış qeyri-mümkündür və Qarabağdakı ermənilər Azərbaycanın bir parçası olmaq istəmirlər. Bütün bu fikirləri beynəlxalq ictimaiyyətə sırımaq istəyirlər".
E.Nəsirov xatırladır ki, 10 noyabr sənədinə əsasən, sülhməramlılar 5 il müddətinə gəlib və tərəflərin hər hansı birinin etiraz etməyəcəyi təqdirdə müddət avtomatik 5 il uzadıla bilər: "Azərbaycanın isə bu məsələdə mövqeyi bəllidir. Biz 5 il müddətinə razı olmuşuq və uzatmaq niyyətimiz yoxdur. Deməli, 10 noyabr sənədinin fəlsəfəsindən irəli gələrək Azərbaycanın "yox" deməsi həmin mandatın müddətinin uzadılmasının qarşısını almaq üçün əsas olmalıdır".
Deputatın fikrincə, məqsəd status almaqdır: "Biz bu yanaşmaları qəbul etmək istəmirik. Biz əməkdaşlığa hazırıq, amma əməkdaşlığın pozulmasını və bizə qarşı aqressiv davranışını qəbul etmirik".