Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Səkkiz min manat qazanan müəllim: “İmkan olsa, daha çox uşağa kömək etmək istərdim”

Tarix :
Səkkiz min manat qazanan müəllim: “İmkan olsa, daha çox uşağa kömək etmək istərdim”

“Dərs deyə bildiyim günə qədər çalışacağam. Bu peşədən ayrılmağı düşünmürəm. Ağlıma belə gəlməyib. Özümü yalnız müəllim olaraq görürəm”.
Bunu Oxu.Az-a müsahibəsində “Milyonların şousu” intellektual verilişində 8000 manat qazanan tarix müəllimi Sevinc Novruzova deyib.
Müsahibəni təqdim edirik:
- Sevinc xanım sosial şəbəkələrdə sizinlə bağlı paylaşımlara rast gəldik. İctimai TV-də yayımlanan “Milyonların şousu” intellektual verilişinə qatılmısınız. Necə oldu ki, yarışa qatılmaq qərarına gəldiniz?
- Həmişə arzum olub ki, Azərbaycan ekranlarında intellektual verilişlər olsun. Və bu intellektual verilişlərdə mən də iştirak edim. Təqribən 17-18 il öncə iki bu tip verilişdə iştirak edib, qalib gəlmişəm. “Milyonların şousu”na orada göstərilən üsul ilə müraciət etdim, seçim turlarından keçdim. Və yarışa dəvət olundum. Bu da məni çox sevindirdi. Şad oldum.
- Qazandığınız məbləği öz övladlarınızın təhsili ilə yanaşı, maddi imkanı zəif olan bir ailənin övladının da təhsilinə xərcləyəcəyinizi söylədiniz. Bundan bəhs etməyinizi istərdim.
- Qazandığım məbləğdən asılı olmayaraq, onu təhsilə xərcləyəcəyimi öncədən planlaşdırmışdım. Çünki təhsil mənim önəm verdiyim sahələrdən biridir. Öz övladlarımla yanaşı, bir tanıdığım, ünsiyyətdə olduğum şagirdin də təhsilinə xərcləyəcəyəm ki, o da gələcəkdə ali təhsil ala bilsin. İmkan olsa, daha çox uşağa kömək etmək istərdim. Lakin imkan daxilində heç olmasa, bir uşağa kömək edə biləcəyəm. Bir uşağın arzusu reallaşacaq. Mən də baxıb, şad olacağam.
- Müəllimliyə necə gəldiniz? Ailədə bu peşənin sahibi olan var?
- Mən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin həm bakalavr, həm də magistr təhsilini alıb, fərqlənmə diplomu ilə bitirmişəm. Bitirdiyim ildən də təhsildə çalışıram. Ailəmizdə babam və dayım müəllim olublar. Babam riyaziyyat, dayım tarix fənnini tədris edib. Qismət elə gətirdi ki, mən də tarix müəllimi oldum. Bu işimi həddindən artıq çox sevirəm.
- Bakıdakı 219 saylı evdə təhsil tam orta məktəbinin tarix müəllimisiniz. Məlumdur ki, dərs prosesi digərlərinə nisbətən fərqli təşkil olunur. Ümumilikdə neçə şagirdiniz var? Yaş kateqoriyası müxtəlifdirmi?
11 il bundan öncə evdə təhsil məktəbində çalışmağa başlamışam. Evdə təhsil məktəbinin özünəməxsus xüsusiyyətləri var. Biz diqqətə ehtiyacı olan uşaqlarla çalışırıq. Və çox şadam ki, belə bir məktəbdə uşaqlara köməklik göstərirəm. Həm vəzifə borcumuzu yerinə yetiririk, həm də onların inkişafı üçün çalışırıq. Hazırda 4 şagirdlə çalışıram. O uşaqlara evində gedib, təhsil veririk. Dərs dediyim şagirdlər 5-11-ci sinif şagirdləridir.
- Müəllimlər şagirdlərini, tələbələrini dərs prosesinə cəlb etməkdə çətinlik çəkirlər. Siz bunun üçün hansısa metodlardan istifadə edirsiniz?
- Uşaqları dərs prosesinə cəlb etmək üçün birinci növbədə həmin fənnə sevgi və maraq oyatmaq lazımdır. Sevgi və marağı oyatdıqdan sonra isə artıq özlərini fənnin, dərsin içərisində görəcəklər.
Müxtəlif metodlardan istifadə edirəm. Ən birincisi isə fənnimi sevdirirəm. Maraqlı tərəflərini uşaqlara çatdırmağa çalışıram. Tarixin necə önəmli və gözəl fənn olduğunu, keçmişini bilməyən xalqın gələcəyi olmayacağını bildirirəm. Tarixdə olan müəyyən maraqlı hadisələrdən danışıb, uşaqlarda maraq oyadıram. Sözsüz ki, hər yaşında olan uşağın özünün yanaşma metodu da var. Əsas odur ki, uşaqlarda maraq və sevgi yaransın.
- Şagirdlərinizdən nə kimi gözləntiləriniz var?
- Əllərindən gələni edirlər. Onların gələcəkdə dövlətimizə, xalqımıza layiq övladlar olmasını arzulayıram.
- Sizcə, əsl müəllim necə olmalıdır?
- Mənim fikrimcə, əsl müəllim savadlı olmaqla yanaşı, işini sevməli və şagirdlərə hörmət etməlidir. Yəni hər savadı olan şəxs müəllim ola bilməz.
- Neçə ildir dərs deyirsiniz? Nə zamansa bu işdən ayrılmağı düşünürsünüzmü?
- İlk 95 saylı məktəbdə çalışmışam. 2001-ci ildən müəllim olaraq çalışıram. Və sevə-sevə öz işimi, vəzifəmi yerinə yetirirəm. Müəllimliyi çox sevirəm. Dərs deyə bildiyim günə qədər çalışacağam. Bu peşədən ayrılmağı düşünmürəm. Heç vaxt ağlıma belə gətirməmişəm. Özümü yalnız müəllim olaraq görürəm. Başqa sahədə özümü təsəvvür edə bilmirəm.
- İşinizdə bundan sonra hansı yeniliklər etməyi düşünürsünüz?
- Hər zaman öz üzərimdə çalışıb, yeniliklər öyrənirəm. Və öyrəndiyim yeni bilgiləri şagirdlərimlə bölüşürəm. Bundan sonra da çalışacağam. Çünki onların uğuru biz müəllimlərin uğurudur.
- Müəllim və şagird münaqişələri geniş yayılıb. Buna münasibətiniz necədir?
- Müəllim və şagird münaqişələri təəssüfedici bir haldır. Amma cəmiyyətdə hər bir sahədə belə problemlər var. Təkcə təhsil ilə bağlı deyil. Cəmiyyətin problemidir. Çünki valideynlər daim işdə olurlar. Uşaqların təlim-tərbiyəsi ailədə də mühüm rol oynayır.
Məktəbdə müəllimlərin dərs şəraitinin daha da yaxşılaşdırılması üçün müəyyən tədbirlər görülməlidir. Hamısı qarşılıqlıdır. Cəmiyyətdə olan problemlər özünü təhsildə göstərir. Bu tək ayrıca təhsildə ola bilən bir şey deyil. Ümumən bu problemlər informasiya bolluğunda olan cəmiyyətdə baş verir. Ümumiyyətlə, məktəbdə telefon olmamalıdır. Dərs mühiti təkcə müəllim yox, ümumiyyətlə, məktəbin bütün idarəedici kollektivi tərəfindən təmin edilməlidir. Yaxşı olardı ki, bizim məktəblərdə xaricdə olduğu kimi müəllimlərə köməkçilər təyin edilsin. Sinifdə şagirdlərin sayı nisbətən az olmalıdır. Bütün bunlar öz təsirini sözsüz ki, göstərir. Tətil müddətləri çox azdır. Hər yarımilin sonunda uşaq ən azı 10 gün dincəlməlidir ki, yeni dərsə enerji ilə məktəbə gəlsin. Bu kimi problemlər çoxdur.
- Həmkarlarınıza nə tövsiyə edərdiniz?
- Azərbaycan müəllimləri çox zəhmətkeş, savadlı və öz işlərini sevən insanlardır. Onlar ilə hər zaman fəxr edirəm. Bizim müəllimlərimiz çox böyük çətinliklərdən gəlib, peşənin yüksək adını qoruyub, saxlaya biliblər. Hər zaman işlərini sevsinlər. Öz işlərində uğurlar arzulayıram. Elmi yeniliklər ilə hər zaman tanış ola bilsinlər. İşlərində yeniliklər edib, uğurlar qazanmalıdırlar. Bu yolda da bir-birilərinə kömək etməlidirlər. Lakin “tək əldən səs çıxmaz”. Valideynlər də yardım etməlidirlər. Təhsilin problemi həll olunmadığı vaxta qədər cəmiyyətin də problemi həll olunmayacaq.
- Təhsilimizdə hansı yeniliklərin olmasını istərdiniz?
- Təhsilimiz dünyaya açıq olmalıdır. Dəqiq elmlərin inkişafı ilə bağlı çox tədbirlər görülməlidir. Müasir dövr yeni texnologiyalar dövrüdür. Buna görə də, dəqiq elmlərə daha çox diqqət ayrılmalı, dərs saatları çoxaldılmalıdır. Müəllimlərin sayı artırılmalıdır. Uşaqlarda həmin fənlərə qarşı maraq yaradan çox işlər tətbiq edilə bilər. Ümid edək ki, görüləcək.
- Müəllim olmaq istəyən gənclərə nə tövsiyə edərdiniz? Şagirdləri və tələbələri bu sahəyə necə yönəltmək olar?
- Gənc müəllimlərimizə arzularım odur ki, işi, uşaqları sevirlərsə, bu peşəyə gəlsinlər. Fənni bilmək müəllim olmaq demək deyil. Birinci növbədə uşağı sevməliyik. Uşaq hər cür ola bilər. Uşağı necə  var, o cür qəbul etməliyik. Ondan sonra fənni sevdirməli, oxumağa maraq oyatmalıyıq. Vətənpərvərlik hissini formalaşdırmaq lazımdır. Bunlar hamısı bir-biri ilə çox bağlıdır. Düzgün insan olmaları üçün müəllim özü də şagirdə nümunə olmalıdır.