Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycan gənci müqəddəs bayrağımızı həm idman arenalarında, həm də döyüş meydanlarında ucaldır

Tarix :
Azərbaycan gənci müqəddəs bayrağımızı həm idman arenalarında, həm də döyüş meydanlarında ucaldır

Bu, bir həqiqətdir ki, tarixi idman ənənələri və güclü iqtisadiyyatı olan dövlətlər beynəlxalq idman camiyəsində də ləyaqətlə təmsil olunurlar. Çoxsaylı medallar qazanır, təmsil etdikləri dövlətlərin bayraqlarını şərəflə ucaldırlar. Azərbaycan məhz belə dövlətlərdəndir.

Məsələyə bu xüsusda yanaşdıqda Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışında səsləndirdiyi fikirləri bir aksiom tələbi kimi qəbul etmək olar. Bu çıxışında cənab Prezident Azərbaycan idmanının uğurlarını şərtləndirən əsas amiləri göstərmiş, bu istiqamətdə dövlət siyasətinin xüsusi rolunu qeyd etmiş, əldə olunan nəticələrin mühüm statistik göstəricilərini sadalamış, ölkəmizdə idmanın bundan sonrakı inkişafı yolunda atılması vacib olan yeni addımları xarakterizə etmiş, azad edilmiş ərazilərimizin artıq beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini vurğulamış, bərpa və quruculuq meydanına çevrilmiş azad edilmiş ərazilərimizdə idman qurğularının yaradılacağının anonsunu vermiş və nəhayət hər birimizin məşğul olduğu sahədə, xüsusilə də idman sahəsində müqəddəs Zəfərə layiq olmağımızın əhəmiyyətini dilə gətirmişdir. İndi isə dövlətimizin başçısının sözügedən mərasimdə səsləndirdiyi mühüm tezisləri nəzəri və empirik yanaşmalar əsasında ardıcıl olaraq təhlil edək.
          Birincisi, Prezident İlham Əliyev vurğuladı ki, hər il olduğu kimi, ötən il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Bəs bu uğurun səbəbi nədir? Səbəb sadədir. Bütövlükdə, ölkəmiz ötən il də qarşısına qoyduğu bütün hədəflərə çatmışdır. İdman da ictimai həyatımızın mühüm  tərkib hissəsidir və ümumi inkişaf tendensiyası çərçivəsində onun da tərəqqisi baş vermişdir. Başqa sözlə, əğər ölkədə bütün sahələr dinamik inkişaf tempinə malikdirsə, necə ola bilər ki, idman bu reallığa adekvat olmasın. Bu, mümkün deyil. Deməli, Azərbaycan idmanının bügünkü nailiyyətləri və sabahkı daha boyuk uğurlarının kökündə dayanan fundamental səbəb dövlətimizin ümumi yüksək inkişaf tempi ilə birbaşa bağlıdır.
İkincisi, son illərdə idman sahəsində ölkəmizin qazandığı möhtəşəm uğurların göstəricisi, ilk növbədə, medalların kəmiyyət və keyfiyyət göstəriciləridir. İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar ki, onlardan da 300-ə yaxını qızıldır. Bu, o deməkdir ki, idmançılarımız ən yüksək nəticələr göstərməklə Azərbaycan bağrağının təxminən 300 dəfə qaldırılmasını və himnimizin səslənməsini təmin etmişlər. Bu, böyük nəaliyyətdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.”
Müqayisə üçün onu da qeyd edək ki, IV İslam Həmrəylik Oyunlarında Azərbaycan idmancıları birinci yerə layiq görülmüşdülər, ötən il Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında isə 56 ölkə arasında 99 meadal qazanaraq 4-cü yerin sahibi olmuşdular. Bu mühüm beynəlxalq idman yarışlarında əldə edilən nəticələr Azərbaycan idmanının yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirilə bilər.
Üçüncüsü, Azərbaycan idmanının ardıcıl olaraq inkişaf etdiyini vurğulayan dövlətimizin rəhbəri bu xüsusda olduqca önəmlı daha bir tezisini irəli sürmüşdür: nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Bu fikrin sübütu kimi Bakıda və Konyada keçirilən İslam Həmrəylik Oyunlarında iştirak edən idmançılarımızın tərkibinə baxmaq kifayətdir. Tərkib kifayət qədər ciddi dəyişikliyə məruz qalmışdır. Yeni idmançılar nəsli öz sələflərinin uğurlarını qoryub saxlamış və daha da inkişaf etdirməyə nail ola bilmişlər.  Bu məsələnin çox böyük mənası vardır. Bu tendensiya ona dəlalət edir ki, gələcəkdə də Azərbaycan idmançıları ölkəmizin  bayrağını eyni şövqlə və qürur hissi ilə zirvədə dalğalandıracaqlar. Azərbaycan idmanının bugünü kimi, gələcəyi də parlaq olacaqdır..
Dördüncüsü, “idmana böyük dövlət qayğısı göstərilir”,-deyən cənab İlham Əliyev bu xüsusda növbəti vacib bir məsələyə toxunmuşdur. Artıq bölğələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır və bu proses davam etdirilir. İdman sahəsində inkişaf etmiş infrastruktura malik Bakı şəhəri isə ən mötəbər idman yarışlarına ev sahibliyi etmişdir və bu istiqamətdə növbəti mühüm addımların atılacağı labüd prosesdir. Eyni zamanda, ölkəmizin idman camiyəsi Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindədir.  Bu baxımdan 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır.
Cənab Prezident sadalan reallıqlar kontekstində vacib bir təşəbbüslə çıxış etmişdir. Bu təşəbbüs idmanın kütləviliyinin təminatı məqsədinə xidmət göstərir və insanların sağlamlığının qorunması baxımından əvəzsiz rol oynaya bilər: Söhbət, ilk növbədə, bölğələrdə idmanın təbliği işinin gücləndirilməsi sahəsində yeni yanaşmaların ortaya qoyulmasını özündə ehtiva edir. Bu baxımdan son vaxtlar Bakı şəhərinin parklarında açıq havada idmanla məşğul olanlar üçün şəraitin yaradılması və trenajorların quraşdırılması bölğələrimizdə də anoloji addımların atılmasının zəruriliyini diqtə edir. Nəticədə ölkəmizdə idmanın kütləviləşməsi imkanları daha da genişlənmiş ola bilər.
Beşincisi, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev qeyd olunan mərasimdə çıxışında toxunduğu məsələlər sırasında daha birinin əhəmiyyəti idmanın müəyyən etdiyi çərçivələri aşır və böyük siyasi əhəmiyyət kəsb edir. Bu, işğaldan azad olunmuş ərazilərimizdə beynəlxalq idman yarışlarının keçirilməsi və gələcəkdə bu torpaqlarda mühüm idman obyektlərinin inşası ilə bağlıdır. Məsələyə bu prizmadan yanaşdıqda cənab Prezidentin səsləndirdiyi fikirlərin uzağagedən nəticələrinin yaxın zamanlarda real həyatda tam təsdiqini tapacağı labüddür, çünki dövlətimizin başçısının sözü imzası qədər gücə malikdir.  Qeyd olunduğu kimi, artıq azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Şuşada beynəlxalq şahmat, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə və Zəngilanın Ağalı kəndinin ətrafında isə triatlon üzrə yarışlar keçirilmişdir. Belə idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası vardır. Bütün dünya ictimaiyyəti bir daha əmin olur ki, bu torpaqların sahibləri tarixi ədaləti bərpa ediblər və belə yarışlar keçirməklə regiona davamlı və uzunmüddətli sülh və əmin-amanlıq gətirmək niyyətlərini ortaya qoyurlar.
Bu prosesin böyük perspektivləri vardır. Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilmişdir. Bütün bərpa-quruculuq işlərinin Baş planlar əsasında aparılması və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Artıq Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaqdır. Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulmuşdur. Atılan addımlar bir daha sübüt edir ki, 30 il ərzində erməni işğalı altında qalan torpaqlarımızın bərpası və yenidən qurulması prosesi olduqca geniş və hərtərəfli məzmun kəsb edir, o cümlədən müasir idman infrastrukturunun yaradılması mənafeyinə xidmət göstərir. Nəticədə Qarabağ və Şərqi Zəngəzurun tarixi idman ənənələri nəinki bərpa ediləcək, eyni zamanda, bu unikal diyarın ölkəmizin idman mərkəzlərindən birinə çevrilməsi təmin ediləcəkdir.
Bu reallıqlar fonunda, bizim hər birimizin üzərinə düşən ali bir vəzifə vardır. Bu vəzifənin mahiyyətini də cənab Prezident açıqladı: ”Bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq.”
 Bu, zamanın çağırışıdır.
 
Elman NƏSİROV,
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor