Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Fransa Senatının şərəfsiz qərarı və… Biz Ukraynada baş verənləri diqqətlə izləməli və nəticə çıxarmalıyıq…

Tarix :
Fransa  Senatının  şərəfsiz  qərarı və…   Biz Ukraynada baş verənləri diqqətlə izləməli və nəticə çıxarmalıyıq…

Bu gün  Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Senat hökuməti  qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış edib. Sənədin lehinə 295, əleyhinə 1 senator səs verib. Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir. Qeyd edək ki, 2020-ci ilin noyabrında da Fransa Senatı belə bir qətnamə qəbul etmişdi. Qətnamənin qəbul edilməsinə 305, əleyhinə isə 1 nəfər səs vermişdi.
Rəqəmlərə fikir verdinizmi..? 
Yaxşı, Fransa senatorlarının  ermənipərəst siyasətini bir kənara qoyaq. Bəs bizim Fransada olan diasporamız  bu 30 ildə nə ilə məşğul olublar..? 
Təsəvvür edirsiniz, bizim xeyrimizə cəmi 1-cə səs… Ümumiyyətlə, postsovet məkanında baş verən proseslərə gəlin bir  az uzaqdan nəzər salaq və çıxış yolları barədə düşünək. Məlumdur ki, 31 il əvvəl 15 respublika  SSRİ adlı bir dövlətdə birləşmişdi. SSRİ-nin dağılması ilə bu respublikalar müstəqillik əldə  etdi və  BMT  tərəfindən  müstəqillikləri tanındı. Son 30 ildə həmin respublikalarda nələr baş vermədi. 
İlk olaraq qanlı hadisələr  Azərbaycanda başladı. Yəni Dağlıq Qarabağ problemi adı altında ilk milli münaqişə Ermənistan və Azərbaycan arasında başladı. Ondan öncə isə  Orta Asiyada milli-etnik münaqişələr başlamışdı. Yaşlı nəslin yaxşı yadında olar ki,  1986-cı ildə  Orta Asiyadan Məhsəti türkləri öz yurdlarından qovularaq Azərbaycana pənah gətirdilər. Onun  ardınca  Gürcüstanda osetinlər, acarlar, abxazlar  və s ilə gürcülər arasında münaqişə başladı. 
Daha sonra  Moldovada  qaqauzlar ilə moldovanlar arasında problemlərin yeni mərhələsi yarandı. Beləcə, dünyanın böyük bir hissəsini əhatə edən ərazidə milli-etnik münaqişələr alovlanmağa başladı. Və az qala 30 il davam edən bu  qanlı proses  Rusiya ilə Ukrayna  arasında böyük bir müharibəyə çevrildi. Bu fərqli proses idi. 
Birincisi, əvvəlki münaqişədə  müsəlman-xristian ( azərbaycan-erməni ) söhbəti olsa da, Rusiya-Ukrayna məsələsində belə bir faktor yoxdur. 
İkincisi, hamıya bəllidir ki, ukrayna və rus xalqları az qala eyni millət kimidirlər. Digər tərəfdən başqa münaqişələri miqyasına  görə, Rusiya-Ukrayna münaqişəsi  ilə  müqayisə etmək olmur. Çünki, Rusiya-Ukrayna münaqişəsinə az qala dünyanın yarısı qoşulub.
Bu müharibədə ABŞ, İngiltərə, Polşa, Almaniya kimi böyük dövlətlər iştirak edir. Onu da unutmayaq ki, vaxtilə Ukraynada  nüvə silahı var idi və 1991-ci ildə böyük dövlətlərin razılaşması ilə Ukrayna nüvə silahından imtina elədi.
Sözün qısası, SSRİ kimi nəhəng dövlətin çökmə prosesi bu gün Ukraynada davam edir. Əbəs yerə deyil ki, Ukraynanı tarixən Rusiyanın onurğası adlandırırdılar. 
Bizim deyəcəyimiz odur ki, 30 illik Qarabağ  müharibəsində Qərb dövlətləri bizə dəstək vermirdi, amma bu gün Ukraynanı az qala 5 əllə müdafiə edirlər. Hələ Fransanın bizə qarşı olan mənfur münasibəti isə başqa bir problemdir...
Ümumiyyətlə, biz bir millət və dövlət olaraq Ukraynada baş verənləri tam diqqət mərkəzində saxlamalıyıq. Ukraynada  baş verənlər  demək olar ki, bütün sivil dünyanın diqqət mərkəzindədir. Ukraynadakı hadisələrdən bütün dünya, əsasən də Azərbaycan kimi dövlətlər ciddi nəticə çıxarmalıdır. Çünki gələcək dünyanın  düzəni və qaydaları Ukraynadakı  proseslərin necə bitəcəyindən  çox asılıdır.
Əslində bu gün Ukraynanın başına gələnlər başqa bir formada 30 il əvvəl bizim başımıza gəlib. Milyonlarla qaçqın ordusu, qanlı müharibə, az qala dünyada təklənmək və s. Sadəcə, 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi bizi bir millət və dövlət olaraq  daha böyük faciələrdən xilas elədi.
Qısa bir zamanda ölkədə sabitlik yarandı,  qanunsuz silahlı birləşmələr ləğv edildi, vahid ordu yaradıldı, separatçılar zərərsizləşdirildi və s. Yəni ölkə normal məcraya yönəldi.
Təəssüf ki, Ukraynada prezident Yanukoviçin qaçmasından sonra ölkəni normal məcraya yönəldən lider ortaya çıxmadı.  Amma 1993-cü ildə Heydər Əliyev ölkənin gələcək talehi ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürdü. Bu gün də dünyada mürəkkəb və ziddiyətli oyunlar gedir. Və cənab prezidentimiz İlham Əliyev Azərbaycanı məharətlə  bu siaysi fırtınalardan keçirib uğurlu gələcəyə aparır.
Biz bir xalq olaraq, ölkə başçımız, Ali Baş Komandanımız, Cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizin parlaq gələcəyi üçün əlimizdən gələni edəcəyik.
                                          
                                                                                   Yeniekinci.az