Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiya sülhməramlılarından növbəti təxribat-Qaregin Xankəndinə gəlir

Tarix :
Rusiya sülhməramlılarından növbəti təxribat-Qaregin Xankəndinə gəlir

Sülhməramlıların “Telegram” kanalında Azərbaycan əraziləri ilə bağlı ciddi səhvə və təxribata yol verilib; Ermənistanın katolikosu isə...

Rusiya sülhməramlılarının müşayiəti ilə “erməni zəvvarlar” Amaras monastırını ziyarət ediblər. Bu barədə Rusiya sülhməramlılarının “Telegram” kanalında dərc olunan məlumatında deyilir.
Məlumatda Azərbaycan əraziləri ilə bağlı ciddi səhvə və təxribata yol verilib. Açıqlamada “orta əsrlərdə mövcud olmuş Ermənistan”, “Dağlıq Qarabağ və burada mövcud olan Martuni rayonu”ndan dan bəhs olunur. Həmin məlumatda deyilir: “Rusiya sülhməramlı qüvvələrinin hərbçilərinin dəstəyi ilə zəvvarlar Dağlıq Qarabağda, təmas xəttinin yaxınlığında yerləşən qədim Amaras monastır kompleksini ziyarət ediblər. Amaras monastırı Martuni rayonunda yerləşən erkən orta əsr xristian monastırlarından biridir. Orta əsrlərdə Ermənistanda Amaras monastır kompleksi tanınmış dini və mədəni mərkəzi statusuna malik olub”. Qeyd edək ki, Azərbaycan ərazilərində “Dağlıq Qarabağ” adlı bölgə yoxdur, Qarabağ İqtisadi Rayonu var. Eləcə də “Martuni” yox, Xocavənd. Monastır da Xocavənd rayonunun Sos kəndində yerləşir. Beləliklə, Amaras monastırı Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən xristian monastırıdır. Monastır Albaniya dövründə inşa olunub. Monastır qədim Albaniya və Qafqazın birinci katolikosu Qriqorisin adı ilə əlaqələndirilir.
Yeri gəlmişkən, Ermənistan mətbuatı məlumat yayıb ki, ilk dəfə olaraq Ermənistanın katolikosu II Qareginin “xeyir-dua”sı ilə Xankəndi kilsəsində keşiş təyinetmə mərasimi keçiriləcək. Xankəndidə baş tutacaq “mərasimdə” Qor Qurcyana keşiş statusu veriləcək. Maraqlıdır ki, Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi komitəsinin sədri, deputat Taquhi Tovmasyan Xankəndidə olub və qeyri-qanuni səfərdən sonra Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüb. Deputat səfəri və Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin durumu ilə bağlı rusiyalı səfirə məlumat verib.
Rusiya Qarabağdakı köçmən ermənilərə iş yerləri yaradır, sosial problemlərini həll edir ki, heç olmasa 25-30 min ermənini Qarabağda saxlayıb gələcəkdə “təhlükəsizliyini qorumaq” adı altında regionda qalmalarına hüquqi don geyindirsinlər. Ermənistanın baş naziri Nikol Paşinyan isə ötən həftə verdiyi müsahibədə deyib ki,  Rusiya sülhməramlıları guya qeyri-müəyyən müddətə Qarabağda yerləşib. Sitat: “9 noyabr 2020-ci il tarixli bəyanatda deyilir ki, sülhməramlılar avtomatik yenilənmə ilə 5 il müddətinə yerləşdirilir. Təkrar edirəm, avtomatik yenilənmə. Bu o deməkdir ki, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsi konkret həll olunana və Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliklə bağlı bütün narahatlıqları aradan qaldırılanadək Rusiya sülhməramlıları qeyri-müəyyən müddətə Dağlıq Qarabağda yerləşib”. Yəni guya sülhməramlıların müddətini uzatmaq üçün daha Bakının razılığı gərək deyil. Əlbəttə ki, Azərbaycanın razılığı olmadan bu mandatı heç kim 5 ildən çox uzada bilməz. Həmin sənədin 4-cü bəndində deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Tərəflərdən heç biri müddətin bitməsinə 6 ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda qalma müddəti avtomatik 5 illik müddətə artırılır”. “Avtomatik” sözündən öncəki cümləyə diqqət edildi yəqin ki. Hansını ki, Paşinyan məqsədli şəkildə “unudur”. Eləcə də bu bəndin 1-ci cümləsini!
Xankəndidəki separatçı-terrorçu rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayanın   sözlərinə görə isə  Rusiyanın Qarabağı tərk etməyəcəyi barədə açıqlamaları reallıqdan uzaqdır. “Bu gün Rusiyanın Türkiyə və Azərbaycanla olan maraqları buna gətirib çıxaracaq. Ona görə deyirəm ki, biz özümüzə gəlib başqa həll yolları axtarmalıyıq. Sonuncu Soçi görüşündə Rusiya dedi ki, Qarabağ problemi var, həll olunmalıdır, amma Azərbaycan dedi ki, bu problem iki il əvvəl həll olunub. Həmin problemdən üstün olan daha böyük iqtisadi maraqlar ortaya çıxacaq”, - Babayan bildirib.
Fayl:Elman Nəsirov.jpg — Vikipediya
Elman Nəsirov
Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Brüssel formatında aparılan danışıqlarda əsas prinsiplərdən biri sülh müqaviləsi imzalamaq üçün Azərbaycan və Ermənistan dövlətləri, xalqları arasında etimad mühitinin formalaşdırılmasıdır. Ancaq Ermənistanda gedən son proseslər, atılan addımlar onu göstərir ki, etimad mühiti deyil, əksinə,  qarşıdurma mühitinin formalaşması üçün Ermənistan hakimiyyəti əlindən gələn hər şeyi edir: “Elə bugünlərdə Ermənistandan "zəvvarlar qrupu"nun Xocavənd rayonu ərazisindəki Amaras kilsəsini ziyarət etmələri və sülhməramlıların bu səfər haqda təqdimatı birbaşa təxribatdır və qeyd olunan etimad mühitinin formalaşmasına arxadan vurulan zərbədir. Məlumatın yayılma forması - "Dağlıq Qarabağın Martuni rayonu" ifadəsinin yazılması birbaşa təxribatdır. İkincisi, tarixi alban kilsəsini erməni kilsəsi kimi təqdim etmək də daha bir təxribatdır. Ermənilər tarixi yenidən saxtalaşdırmağa çalışırlar, rus sülhməramlıların isə davranışı onlara bu işdə şərait yaratmaqdır. Ermənistanın keşişi yenə də dini siyasi alətə çevirmək üçün məlum addımları atır. Ermənistan parlamentinin üzvü Tovmasyanın səfəri də qanunsuzdur, Azərbaycan ərazisinə qanunsuz daxil olmaqdır. Ən diqqət çəkən məqam isə Tovmasyanın səfərdən geri qayıtdıqdan sonra Rusiya səfiri ilə görüşüb ona “hesabat verməsidir”. Bütün bunlar, şübhəsiz, onu göstərir ki, baş verən haqsızlıqlar, qanunazidd əməllər, beynəlxalq hüquqla daban-dabana zidd davranış Rusiya sülhməramlılarının gözləri qarşısında baş verir. Sülhməramlılar 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndinin həyata keçirilməsini təmin etmək əvəzinə ermənilərə təxribatçı addımlar üçün şərait yaradırlar, ermənilərin qeyri-qanuni hərəkətlərinə göz yumurlar. Azərbaycan parlamentinin deputatları bu məsələlərlə bağlı Milli Məclisin iclaslarında mövqe bildiriblər və qarşı tərəfə də bu istiqamətdə məlumatlar çatdırılıb. Hesab edirik ki, sülhməramlıların davranışı Azərbaycanla Rusiya arasında 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik münasibətləri sənədinə, həmçinin 10 noyabr üçtərəfli bəyanatının tələblərinə ziddir. Buna görə də bütün məsuliyyət Rusiya sülhməramlı qüvvələrinin üzərinə düşür".
İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir
İlyas Hüseynov 
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən rus sülhməramlılarla bağlı vaxtaşırı böyük problemlər yaşanır. Laçın dəhlizindən qeyri-qanuni istifadə olunması,  bu dəhliz vasitəsilə silah-sursat daşınması halları müşahidə olunur: “Bu barədə Azərbaycan ən yüksək səviyyədə mövqeyini, etirazını bildirib. Hələ də Ermənistan silahlı birləşmələri rus sülhməramlıların yerləşdiyi ərazilərimizdən çıxarılmayıb. Bu isə bölgədə təhlükəsizliyə böyük təhdid törədir. Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı informasiya bülletenlərində də bir sıra təxribatlar aşkarlanır və bu barədə də Azərbaycan ictimaiyyəti məlumatlandırılır. İndi də ermənilər qədim alban abidəsi olan Amaras monastrı ilə bağlı təxribatlara başlayıb. Bu monastrın Qriqoryanlıqla heç bir əlaqəsi yoxdur. Ermənilər bu monastrın erməniləşdirilməsi ilə bağlı çox çalışsalar da fakt-faktlığında qalır. Xankəndidə keşişin təyin olunması və burada Ermənistanın katolikosunun xeyir-dua verməsi də Azərbaycan torpaqlarına iddiadır və Azərbaycan ərazisinə katolikosun qanunsuz daxil olmasıdır. Ermənistan məsələlərə dini don geyindirmək istəyir. Təəssüf ki, Rusiya sülhməramlıları da bu prosesdə iştirak edir. Bu da narahatedici məqamdır. Sülhməramlıların müddətinin uzadılması ilə bağlı qalxan müzakirələr, isterika məhz elə bu səbəbdəndir. Sülhməramlılar Ermənistanın təxribatlarının bir elementi olmamalıdır. Eyni zamanda Ermənistanın bu məsələyə konkret bir yanaşması olmalıdır. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlər, bir tərəfdən də təxribatlarını davam etdirilər. Sülhməramlıların bölgədə qalması keçici xarakter daşımalıdır. Qarşıda üç ilə yaxın müddətləri var. Beş ilin çatmasına altı ay qalmış tərəflərdən biri narazılığını ifadə edərsə, sülhməramlılar bölgədən çıxarlımalıdır. Üçtərəfli sazişdə bu məsələ əksini tapır. Azərbaycan istər deputatlar səviyyəsində, istər ölkə rəhbərliyi səviyyəsində sülhməramlılarla bağlı mövqe ifadə edib. Milli Məclisdə xüsusi qapalı dinləmələrə zərurət yaranacağı halda bunu da reallaşdırmaq çətin məsələ deyil”